Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynada hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil, lakin Kiyevin indiki hakimiyyət orqanlarına dəstəyi davam etdirməyi planlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Brüsseldə NATO-ya üzv ölkələrin hərbi idarələri rəhbərlərinin planlaşdırılan növbəti görüşünün yekunlarına dair mətbuat konfransında ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.

"Aydın deyim: NATO müdafiə ittifaqıdır. Biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyəcəyik", - Ostin vurğulayıb.

"Və biz gələcək çağırışlara cavab vermək və hər bir NATO müttəfiqinin suverenliyini və ərazisini qorumaq üçün bu ittifaqı gücləndirməyə davam edəcəyik. Amerikanın bu məqsədə sadiqliyi, bizim Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə sadiqliyimiz kimi sarsılmazdır", - nazir əlavə edib. 

Ostin xatırladıb ki, 2024-cü ildə NATO Vaşinqtonda alyansın 75-ci ildönümünü qeyd etmək üçün sammit keçirəcək.