2022-ci ildə OPEC üzvü olan 13 ölkənin neft gəliri 2021-ci illə müqayisədə 54% artaraq 873,57 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in illik statistik bülletenində deyilir.

Məlumata görə, təşkilatın xammal satışından əldə edilən gəlir 1,5 dəfə artıb. Hesabat dövründə qurumun neft tədarükünün həcmi təxminən 9% artıb.

OPEC-in ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı neft ixracından gəlirini 1,6 dəfə artıraraq 326,3 milyard dollara çatıdırıb ki, bu da təşkilat ölkələri arasında ən yüksək göstəricidir. Bu dövrdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft gəliri 1,7 dəfə  artaraq 94,7 milyard dollara, İraqın gəliri 1,5 dəfə artaraq 120,57 milyard dollara, Küveytin gəliri isə 54% artaraq 95,35 milyard dollara yüksəlib.

OPEC ölkələrinin təsdiq edilmiş neft ehtiyatları ötən il 0,1% artaraq 1,243 trilyon barelə çatıb. OPEC-in dünya üzrə ehtiyatlarının payı isə 80,3%-dən 79,5%-ə enib.