Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 173,2 milyon manatlıq, o cümlədən 25 833,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20 339,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 4,9 % artıb.

10 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 %-i ərzaq məhsullarının, 4,2 %-i içkilər və tütün məmulatlarının, 14 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 %-i avtomobil benzini və dizel yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,4 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.

Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,7 %, fərdi sahibkarlar üzrə 3,5 %, bazar və yarmarkalarda 3,9 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 454,9 manatlıq, o cümlədən 254,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 200,4 manatlıq qeyri-ərzaq malları alıb.