İqtisadiyyat.az xəbər verir ki, narkomaniya ilə mübarizə hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Belə ki, Ümumilli lider Heydər Əliyev “narkomaniya və narkobiznes ilə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir” demişdir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 02 fevral 2022-ci il tarixdə Gənclər Forumunda öz çıxışında qeyd etmişdir ki, “Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir, bir dərd olur. Ona görə bu zəhər ümumiyyətlə təmizlənməlidir”.

Narkomaniya bəlasına düçar olan şəxslərə yardım etmək məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmişdir. 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu həmin Dövlət Proqramının həyata keçirilməsinə nəzarəti təmin edir və bununla bağlı dövlət qurumlarının fəaliyyətini əlaqələndirir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qanunvericiliyə müvafiq olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olması dövlətimizin bu sahədə qətiyyətli addımını bir daha göstərir.

Həm 44 günlük Vətən müharibəsindən, həm də ki, 19-20 sentyabr 2023-cü il tarixlərində şanlı ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərimizdə aidiyyəti qurumlar tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində narkotik tərkibli bitkilər aşkarlanaraq məhv edilmişdir. Belə ki, Ağdam və Xocalı rayonunun işğaldan azad olunmuş bir neçə kəndində tonlarla narkotik tərkibli bitkilərin, həmçinin Füzuli rayonunda narkotik bitkilərin əkildiyi geniş plantasiya ilə birlikdə narkotik vasitələrin istehsal olunduğu laboratoriyanın aşkarlanması Ermənistan tərəfinin ərazilərimizin işğal altında qaldığı dövrdə cinayətkar əməllərinin bariz nümunəsi kimi göstərmək olar. Bu həm də vaxtı ilə Vətən müharibəsindən əvvəl erməni işğalçılarının Cənub və Şərq istiqamətindən gələn narkotik maddələrin tranzit yolla ərazilərimizdən keçirməklə Qərbə və Şimala daşıdığını göstərir.

Azərbaycan Prokurorluğu ölkənin əsas hüquq-mühafizə orqanlarından biri olmaqla səlahiyyət dairəsi 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Konstitusiyamıza əsasən Azərbaycan Prokurorluğu məhkəməyə hakimiyyətinə aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin IV bəndinə əsasən cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Konstitusiyanın 133-cü maddəsinin I bəndinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

Azərbaycan Respublikasında hüquq-mühafizə orqanı statusu daşıyan dövlət orqanlarının böyük əksəriyyəti öz səlahiyyətləri çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyəti yolu ilə həyata keçirirlər. Azərbaycan Respublikasının Baş Prokurorluğunda bütün hüquq-mühafizə orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən idarələr mövcuddur. Baş Prokurorluğun həmin idarələri vasitəsi ilə yuxarıda qeyd edilən hüquq-mühafizə orqanlarında ibtidai araşdırmaya Baş Prokurorun müvafiq müavinləri tərəfindən prosessual rəhbərlik həyata keçirilir.

Bundan başqa, prokurorluq orqanlarında istintaqı aparılan cinayət işləri üzrə təqsirləndirilən şəxslərin əməllərində Cinayət Məcəlləsinin istintaqı prokurorluğa aid olan cinayətlərlə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi cinayətlərinin tərkib əlamətləri olduqda, həmin işlər üzrə prokurorluğun müstəntiqinin rəhbərliyi ilə həmin hüquq-mühafizə orqanlarının müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılır və yaxud da Baş Prokurorun qərarı ilə istintaqın aparılması prokurorluq orqanlarına həvalə edilir.

Həmçinin, hərbi qulluqçular tərəfindən, eləcə də onlarla birgə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi cinayətlərini törətmiş mülki şəxslərin barəsində cinayət işlərinin istintaqı hərbi prokurorluq orqanları tərəfindən həyata keçirilir.

Göründüyü kimi prokurorluq orqanları həm birbaşa istintaq aparmaq yolu ilə, həm də ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmə yolu ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə ciddi şəkildə mübarizə aparır.

Qeyd etmək vacibdir ki, narkomaniya ilə mübarizədə qarşıya çıxan problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, bununla da nəzarətdən kənarda qalmaqla durmadan artır. Narkomaniyaya qarşı mübarizənin çətinliyi həm də ondan ibarətdir ki, narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını satan şəxslər öz ticarətlərini genişləndirmək üçün həmişə yeni alıcı axtarışında olur. Əksəriyyəti uşaq və gənclər olan həmin alıcılar isə satın aldıqları bəlanı bir neçə dəfə istifadə etdikdə narkomaniya xəstəliyinin potensial qurbanlarına çevrilirlər. Odur ki, bu gün narkomaniya probleminin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi çıxış edir.

Bu istiqamətdə də prokurorluq orqanları tərəfindən kəsərli addımlar atılır. Belə ki, prokurorluq əməkdaşları tərəfindən mütəmadi olaraq orta məktəblərdə, eləcə də əhalinin sıx toplaşdığı ərazilərdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri haqqında, həmçinin, bu ümumbəşəri bəlaya qarşı mübarizədə cəmiyyət olaraq birləşməyimizin vacibliyi barədə məlumatlar verilir.

Bundan sonra da “ağ ölüm” adlandırılan ümumbəşəri bəla ilə mübarizədə prokurorluq orqanları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

 Füzuli rayon prokurorluğu