"3+3" formatı çərçivəsində Tehranda Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirləri səviyyəsində görüş baş tutdu. Ancaq əvvəldən də bilindiyi kimi Gürcüstansız.

Gürcüstan niyə bu formatdan imtina edir? Bunun bir neçə səbəbi var. Bu səbəblərdən birincisi Gürcüstan konstitutsiyası ilə bağlıdır. Belə ki, Gürcüstan konstitusiyasında açıq şəkildə Avropa Birliyi və NATO-ya inteqrasiya ifadə olunub. Bundan əlavə Gürcüstan Avropa Birliyi ilə münasibətlərdə xeyli yol qət edib. Avropa Birliyindən yardımlar alır və bundan əlavə vizasız uçuşlar həyata keçirilir. Gürcüstan bunları itirmək niyyətində deyil. Bundan əlavə Gürcüstan ərazisi olan Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal edilib. Orada qondarma respublikalar yaradılıb. Hətta bir neçə gün əvvəl Abxaziyada Rusiyanın hərbi dəniz bazası quracağı ilə bağlı məlumat yayıldı. Dolayısı ilə, Gürcüstan işğalçı ilə bir masada oturmaq istəmir. Düzdür, Gürcüstan hakimiyyəti Rusiyaya bağlıdır, ancaq rəsmi Tiflis bu addımı atsa, müxalifət bir yandan, Qərb dairələri də bir yandan onu hədəf alacaq. Ona görə də, bu formatdan imtina edir. Hesab edirəm ki, digər beş dövlət də Tiflisin bu qərarını anlayışla qarşılayır.

SSRİ dağılandan sonra Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində oldu. Gürcüstan Rusiyaya baş qaldıran zaman Abxaziya və Cənubi Osetiyanı itirdi. 2020-ci ilin noyabr ayına qədər Ermənistan Rusiyanın forpostu idi. 44 günlük müharibə ilə Ermənistanla Rusiya arasında qopmalara start verildi. Bununla da tərəflər arasında gərginlik yaşanmağa başlandı. Əvvəlcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda keçirilən toplantısında Ermənistan yekun bəyanata imza atmadı, ardınca 102-ci bazanın qarşısında aksiyalar, daha sonra tərəflərin qarşılıqlı ittihamları bir-birini əvəz etdi. Azərbaycanın keçirdiyi son antiterror tədbirlərindən sonra isə tərəflər demək olar ki, düşmən mövqeyinə yaxınlaşdılar. Hətta Ermənistan baş naziri dövlətin təhlükəsizliyi barədə narahatlığını dilə gətirdi. Rusiyadan da Ermənistanın gələcəyi sual altındadır tipli açıqlamalar verildi. Roma statutunun Ermənistan tərəfindən təsdiqlənməsi isə Rusiyanın Ermənistana hətta hərbi müdaxilə ehtimalını gündəmə gətirdi.

Ukrayna müharibəsinə görə Rusiyanın zəifləməsi fonunda Cənubi Qafqaz uğrunda mübarizə başladı. Düzdür, bu mübarizə heç vaxt səngiməyib, ancaq indi açıq müstəviyə keçib. Ermənistana ABŞ hərbçiləri hərbi təlim üçün gəldi, Fransa regiona Ermənistan üzərindən daxil olmaq istəyir. Avropa missiyasının Ermənistanda olması da önəmli faktorlardan biridir. "3+3" formatındakı üç böyük ölkə olan Türkiyə, Rusiya və İran regiona yad qüvvənin daxil olmasını istəmir. "3+3" formatında ölkələr anlaşsa və razılıq əldə olunsa, bu istək reallığa çevrilə bilər.

Çox maraqlıdır ki, altı ölkənin hamısının bir-biri ilə bu və ya digər formada problemləri var. Əgər bu platforma baş tutsa, problemlərin həllini də görə bilərik.

İranla Azərbaycan arasında münasibətlər tarixinin ən kəskin dönəmini yaşamaqdadır. Tehranda Azərbaycan səfirliyinə qarşı edilən terror aktı iki ölkə arasında münasibətləri kəskinləşdirdi. Bu format daxilində iki ölkə arasında münasibətlər də normaya düşə bilər. Xüsusilə, Ərdoğanın "bir kəmər bir yol" layihəsi Zəngəzurdan yox, İrandan da keçə bilər təşəbbüsü rəsmi Tehranı bir qədər yumşaldıb. İran da Azərbaycanla münasibətləri qaydasına salmaqda maraqlı görünür. Bundan əlavə, İran Qərbin sanksiyalar məngənəsində sıxılır. İran bundan qurtulmaq üçün bu platformada yer almaqda istəkli görünür.

Rusiya ilə İran eyni taleli ölkələrdir. Ukraynaya hücum Rusiyanı ağır sanksiyalarla üz-üzə qoydu. Rusiya bundan qurtulmaq üçün yönünü şərqə, gözünü isə "bir kəmər bir yol" layihəsinə dikib. Ona görə də, Rusiya layihədə çox maraqlı görünür. Bundan əlavə, bu format altında Rusiya zəifləmiş olsa da, Fransa və ABŞ ilə mübarizə apara biləcək. Ən azı İran ona dəstək verəcək.

Türkiyə də layihədə maraqlı tərəflərdəndir. Bu layihə ilə Türkiyə regionda Ermənistanla münasibətləri qaydaya sala bilər. Ermənistan da Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlıdır. Türkiyə Ermənistanla münasibətləri normallaşdırsa və iqtisadi rıçakları ilə Ermənistana daxil olsa, ən azı İran və Rusiya ilə bərabərləşəcək. Çünki üç böyük ölkədən yalnız Türkiyə üç Cənubi Qafqaz ölkəsində yox idi.

Azərbaycan onsuz da layihənin təşəbbüskarıdır. Azərbaycan düşünür ki, bu layihə ilə həm regionda kommunikasiyalar açılacaq, böyük layihələr daha asan həyata keçiriləcək. "Bir kəmər bir yol" layihəsinin Azərbaycandan keçməsi isə Azərbaycanı mərkəz halına gətirəcək. Ona görə də, rəsmi Bakı ən azından region ölkələri olan Ermənistan və Gürcüstanı, bir də regiona qonşu və maraqları olan Türkiyə, İran və Rusiyanı bir dam altında görmək istəyir. Dolayısı ilə Azərbaycan həm də region ölkələrinin və öz təhlükəsizliyini zəmanət altına almaq niyyətindədir.

Düzdür, layihənin baş tutmama ehtimalı da yüksək qiymətləndirilir. Tehran görüşündən sonra yeni görüşlərin olacağının elan edilməsi layihənin baş tutma ehtimalını daha yüksək göstərir.

 

Səxavət Məmməd