Rayonun neft üzrə vergilərin yığılmasında böyük əməyi yoxdur. Ona görə də rayonlardan yığılan əlavə gəlirlərin 50%-ni elə həmin rayonlara növbəti il ayırırıq. Amma neft üzrə vergilərdən gəlirlər buna aid deyil.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, əməyin ödənişi üzrə xərclər illər ərzində kəskin surətdə artıb: “Biz 2017-ci illə müqayisədə götürsək, əməyin ödənişi fondu 4 milyard manat idisə, bu gün həmin fond 9 milyard manat təşkil edir. Bunun müqabilində bizim şübhəsiz ki, gəlirlərimiz də artmalıdır. Dövlət büdcəsində əməyin ödənişi xərcləri bu gün artıq 25%-ə qədərdir. Bu əvvəllər 20% idi. 25% olduqca böyük göstəricidir və bunu gərək gəlirlərdə təmin edək”.

Nazir sosial ödənişlərlə bağlı qaldırılan suallara da münasibət bildirib: “Artımlara getməliyik, amma eyni zamanda kifayət qədər ehtiyatlı olmalıyıq, real vəziyyəti nəzərə almalıyıq”.