Fransa prezidenti Emmanuel Makron 23-25 ​​oktyabra planlaşdırdığı İsveç səfərini ləğv edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb.

Məlumata görə, planlaşdırılan səfərin ləğvi ölkələrdə baş verən son hadisələr və ümumilikdə beynəlxalq vəziyyətlə bağlıdır. Bununla belə, qərarın konkret səbəbləri, eləcə də səfər üçün mümkün yeni tarixlər qeyd olunmayıb.

Qeyd edək ki, Makron İsveç kralı XVI Karl Qustavın dəvəti ilə Stokholm və Malmöyə səfər etməli idi.

Oktyabrın 16-da Brüsseldə futbol üzrə İsveç milli komandasının iki azarkeşi güllələnib. Cinayətkar hadisə yerindən qaçıb, daha sonra o, "İslam Dövləti" (İŞİD - red.) terror qruplaşmasına aid olduğunu və isveçliləri öldürməklə "müsəlmanların qisasını aldığını" iddia edən video çəkib. Belçikanın Baş naziri Alexander De Kro qətli terror aktı adlandırıb və o, cinayətkarın hədəfinin isveçli fanatlar olduğunu təsdiqləyib.

Oktyabrın 13-də Fransanın şimalındakı Arras kommunasında bir nəfər təhsil müəssisəsində bıçaqla insanlara hücum edib. Hadisə nəticəsində müəllim dünyasını dəyişib. Daha üç nəfər, o cümlədən bir məktəb mühafizəçisi yaralanıb. Hücum edən şəxs saxlanılıb. Daha sonra paytaxt rayonunda təhsil müəssisəsinə edilən analoji hücumun qarşısı alınıb. Hüquq-mühafizə orqanları bu hücumların İsraildə böhranın kəskinləşməsi ilə bağlı olduğunu istisna etmirlər.