Mart ayında istefa verən Katalin Novakın yerinə yeni Macarıstan prezidenti seçiləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kossuth" radiostansiyasının bazar günü proqramında çıxış edən hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib.

Xatırladaq ki, fevralın 10-da Novak pedofiliya cinayətində iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda istefa verdiyini açıqlayıb. Koçiş izah edib ki, əgər fevralın 11-də o, parlamentə istefa ilə bağlı rəsmi bəyanat göndərsə, deputatlar 15 gün ərzində buna baxmalı olacaqlar: "Onlar fevralın 26-da başlayacaq yaz sessiyasının ilk günündə istefa haqqında qərar qəbul edə biləcəklər".

İstefanın qəbulundan sonra 30 gün ərzində dövlət başçısı seçkiləri keçirilməlidir: "Bu o deməkdir ki, Macarıstanın mart ayında yeni prezidenti olacaq".