Yaponiya hökuməti Ukraynanın bərpası üzrə fevralın 19-na planlaşdırılan ikitərəfli konfransın yekunlarına görə Kiyevə 15,8 milyard yen (təxminən 106 milyon dollar) məbləğində qrant köçürmək niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bundan əvvəl "Sankei" qəzeti  məlumat vermişdi ki, Yaponiya hökuməti Kiyevlə əməkdaşlığın yeddi prioritet sahəsini müəyyənləşdirib və bu, konfrans zamanı açıqlanacaq. Yapon tərəfinin Ukrayna ərazisinin minalardan təmizlənməsinə və ölkədə humanitar vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəyi, yerli kənd təsərrüfatının, yeni istehsal növlərinin, o cümlədən biotexnologiya sahəsinin, eləcə də İT texnologiyalarının inkişafına təkan verəcəyi gözlənilir. 

Bundan əlavə, Yaponiya Ukraynanın enerji və nəqliyyat infrastrukturunun bərpasına çalışacaq. Tokio həmçinin Kiyevə korrupsiyanın aradan qaldırılmasında və dövlət idarəçiliyinin gücləndirilməsində dəstək verəcək. Bununla bağlı iki ölkənin hakimiyyət orqanları ikitərəfli əməkdaşlıq mövzusunda 20-dən çox sənəd imzalamağı gözləyir.

Yaponiya hökuməti indiyədək Ukraynaya 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər növ yardımlar göstərib.