Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Kursk şəhərində dəmiryol vağzalının damına çırpılıb. Nəticədə 5 nəfər xəsarət alıb və yanğın başlayıb. Eyni zamanda, Rusiyanın cənubunda yerləşən Rostov vilayətinə kamikadze pilotsuz uçuş aparatlardan (PUA) istifadə edərək hücum edilib. Hücumun qarşısı alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə vilayətlərin qubernatorları məlumat yayıb.

Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib: "Ukrayna PUA-sı Kurskda hücum edib. İlkin məlumata görə, o, vağzal binasının damına çırpılıb, damda yanğın başlayıb. Beş nəfər şüşə qırıqları nəticəsində yüngül xəsarət alıb".

Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, iki PUA Kamenskdəki hərbi hissənin ərazisinə düşüb, daha bir pilotsuz vasitə Novoşaxtinskdən bir kilometr şimalda vurulub.

Hücum nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

"Bu gün səhər tezdən bölgəmizdə kamikadze pilotsuz uçuş aparatların istifadəsi ilə terror aktına cəhd edilib. Elektron döyüş sistemləri dronları uğurla zərərsizləşdirib. Hədəflərin ölçüsü kiçik olduğu üçün Hava Hücumundan Müdafiə silahlarından istifadə olunmayıb", - Qolubev bildirib.