“Mərkəzi Bankın hesabatına görə, 2021-ci il mayın 1-nə Azərbaycanda 921,5 milyon manat problemli və vaxtı keçmiş kredit rəsmiləşib”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, iqtisadi sabitliyə 2018-ci ildə nail olunsa da, bank kreditlərinin faizlərinin yüksək olması qeyri-rəsmi olaraq, 200 minə çatan vətəndaşlarımızın məhkəmə mübahisələrinə səbəb olub:

“Daşınmaz əmlak kiçik və orta sahibkarlıq aktivlərinin 24%-ni təşkil etsə də, kreditlər üçün qoyulan girovun 80 %-ə qədəri daşınmaz əmlakın payına düşür. Belə bir şəraitdə sahibkarların kreditlərə çıxış imkanlarının artırılması və müvafiq infrastrukturun gücləndirilməsi məqsədilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri yaradıldı.

Prezident İlham Əliyevin 28 fevral 2019-cu ildə tarixində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə bövlət büdcəsindən 323 milyon manatı bilavasitə vətəndaşlara verilmiş kreditlərin ödənilməsinə, 310 milyon manatı isə 10 gündən çox gecikdirilmiş kreditlərin bağlanmasına, bütövlükdə isə 494 milyon manatə vəsait problemli kreditlərin restruktizasiyasına yönəldildi”.

Qeyd edək ki, konfrans Sosial Tədqiqatlar Mərkəzi, Mərkəzi Bank, Mediasiya Şurası və Azərbaycan banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Gülşən Şərif