COVID-19-a yoluxmuş və vəziyyətləri ağırlaşdığı üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş iki hamilə qadından biri üçəm, biri dördəm dünyaya gətirib.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanvarın 26-da Mərkəzə gətirilən 44 yaşlı hamilə qadın vəziyyəti daha da ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib:

“Daha sonra həkimlər 30 həftə 6 günlük olan hamiləliyin sonlandırılması qərarını alıb və 4 gün sonra, yanvarın 31-də qeysəriyyə əməliyyatı ilə üçəmlər dünyaya gəlib. Üçəmlərin hər biri qızdır. Çəkiləri 1 200, 1 180, 755 qram olub. Hazırda onların üçü də küvəzdədir. İkisinin vəziyyəti stabil, birinin vəziyyəti isə ağır olaraq qalır.

31 həftəlik 22 yaşlı hamilə qadın isə fevral ayının 1-də Mərkəzə yerləşdirilib. Onun da vəziyyəti orta-ağır olduğu üçün təcili olaraq əməliyyata alınıb və dördəmləri dünyaya gəlib. Dördəmlərdən üçü qız, biri oğlandır. Onların çəkiləri 1 340, 1 440, 1 250 və 1 300 qram olub. Hazırda ikisinin vəziyyəti stabil, ikisinin vəziyyəti isə ağır olaraq qalır”.