Ermənilərin həm Ermənistan, həm də Qarabağdakı separatçılar barədə dünya mediasındakı çıxışları birbaşa ABŞ-dəki erməni diasporunun maliyyə dəstəyi ilə baş verir. Başqa sözlə desək, erməni iş adamları separatçıların aclıq şousunu ciddi media qurumlarına məhz pul qarşılığında çıxarır. Bu artıq heç kimə sirr deyil. Bunun daha bir sübutunu bu günlərdə əcnəbi jurnalistlərdən biri ictimailəşdirib. 

İqtisadiyyat.az xəbər verir ki, söhbət kolumbiyalı reportyor Roberto Trobajo Ernandezdən gedir. O, dünən X platformasındakı hesabından paylaşım edərək bildirib ki, ABŞ-dəki erməni diasporu (ANCA) onunla əlaqə saxlayaraq Ermənistandan reportaj hazırlamağını istəyiblər və bunun qarşılığında ona pul təklif ediblər.

Roberto isə bu təklifi geri çevirdiyini qeyd edib və paylaşımını bu sözlərlə bitirib: "Mənim Azərbaycan xalqı və dövləti ilə dostluğum, onlara sədaqətim bir neçə min dollara satılmır". 

Qeyd edək ki, Roberto Ernandez 2021-ci ildə Şuşaya səfər edib. O, işğaldan azad edilmiş bir neçə bölgəni gəzib və erməni vandallığını öz gözləri ilə görərək bu barədə məqalələr hazırlayıb. Görünür onun həqiqəti görməsi və yazması erməni diasporunun xoşuna gəlməyib. Onlar jurnalisti pulla almaq istəyiblər. Amma bu planları baş tutmayıb.