1 saylı Şəhər Klinik Xəstəxanasında (“Semaşko” kimi tanınan - red.) çəkildiyi deyilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.az-ın məlumatına görə, fotoda xəstəxanada “Sprite” butulkasında sistem qoşulduğu əks olunub.

Fotonun dəqiq harada və nə vaxt çəkildiyi bəlli olmasa da, olayın 1 saylı Şəhər Klinik Xəstəxanasında görüntüləndiyi iddia edilib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı xəstəxanadan cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir:

“Həmin foto saxtadır. Bizdə belə jalüzlü pəncərə yoxdur. Bu fotonun yayılmasına rəsmi olaraq öz narazılığımızı bildirir və bunu yayan səhifələrdən fotonu yığışdırmalarını tələb edirik. Əks halda məhkəməyə müraciət edəcəyik”.