Rusiyanın Yeddilik Qrupu (G7) ölkələrinin yurisdiksiyalarında olan aktivləri Ukrayna dəymiş ziyana görə kompensasiya alana qədər “dondurulmuş” qalacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat G7 maliyyə nazirlərinin ortaq bəyannaməsində yer alıb. 

Yaponiya Maliyyə Nazirliyinin rəhbəri Şunichi Suzuki Mərakeşdə keçirdiyi mətbuat brifinqində vurğulayıb ki, G7 ölkələri Ukraynaya uzunmüddətli dəstək, o cümlədən ölkənin yenidən qurulmasına dəstək məqsədilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər. Yaponiya maliyyə idarəsinin rəhbəri onu da bildirib ki, Ukraynanın maliyyə naziri Sergey Marçenko “Yeddilik” ölkələrinin maliyyə nazirlikləri və Mərkəzi Bankı rəhbərləri arasında aparılan danışıqlarda iştirak edib.

ANSA-nın məlumatına görə, Rusiyanın G7 ölkələrində dondurulmuş maliyyə aktivlərinin məbləği təxminən 280 milyard dollar qiymətləndirilir.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Qərb ölkələri Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi üçün mümkün hüquqi əsasları nəzərdən keçirir. Onun sözlərinə görə, Rusiyanın aktivlərini müsadirə etmək üçün Qərb hüquqi əsasın olduğunu təsdiqləməlidir.