Hindistanın təhlükəsizlik qüvvələri mərkəzi Maharaştra və Çhattisqarh ştatlarında altı maoçu üsyançını öldürüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan televiziyası məlumat yayıb.

Yaraqlılar Hindistanda parlament seçkiləri ərəfəsində gözlənilən silahlı təxribatlarla bağlı məlumatdan sonra təhlükəsizlik qüvvələrinin reydləri zamanı öldürülüb. Ekstremistlərin üzərindən külli miqdarda silah və sursat tapılıb. Məhv edilən üsyançılar arasında hərəkatın liderləri də olub.

Hindistanda naxalitlər də adlandırılan maoçular 1960-cı illərdən bəri ölkəyə silahlı basqınlar həyata keçirirlər. Onlar Maoizm və Marksizm-Leninizmin öz versiyalarını təbliğ edirlər və hazırda Hindistanın 28 əyalətindən 14-də fəaliyyət göstərirlər. Naxalitlər deyirlər ki, onlar yoxsul kəndliləri "kapitalist zülmündən" azad etmək niyyətindədirlər və tez-tez yerli əhalidən dəstək alırlar. Onlar cəngəllikdə gizlənir və kəndlərə, məmurlara və polisə hücum edirlər. Yeni Dehli maoçuları əsas daxili təhlükələrdən biri hesab edir.