Birləşmiş Ştatlar Britaniyanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına nail olmaq istəyir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Sunday Telegraph" Britaniya hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ nümayəndələri Vaşinqtonun müttəfiqlərinə açıq çağırışlarıyla kifayətlənmir, britaniyalı həmkarları ilə görüşlərdə bu məsələni özəl olaraq qaldırırlar.

Bu həftənin əvvəlində Britaniya hökumətinin terrorla mübarizə komissiyasının rəhbəri Robin Simkox bildirib ki, SEPAH-ı terror qruplaşması elan etməyə gecikilib, onun fəaliyyətində iştirak və onlara dəstək Böyük Britaniyada cinayət məsuliyyətinə çevrilməlidir. Hakim Mühafizəkarlar Partiyasının üzvü, 2010-2011-ci illərdə Krallığın Müdafiə Nazirliyinə rəhbərlik etmiş Liam Foks da "The Sunday Telegraph"a bildirib ki, Vaşinqton Londondan müvafiq addımın atılmasını gözləyir.