"İstehlakçıların məlumat almaq hüququnun təmin edilməsi üçün izahat vərəqələrində Azərbaycan dili də olmalıdır".

Bu sözləri istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mövzunu şərh edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Roman Qaraşov İqtisadiyyat.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Roman bəy, istehlakçı kimdir?

- İstehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. 

- İstehlakçıya hansı məlumatların verilməsi vacibdir?

- İstehlakçıların əsas hüquqlarından biri əldə etdikləri mal, iş və ya xidmət haqqında məlumat almaqdır. İstehlakçının məlumat almaq hüququnun təmin olunması onun seçim etmək hüququnu gerçəkləşdirməsinə şərait yaradır. İstehlakçıya əldə etdiyi malın, işin və ya xidmətin qiyməti, təminat öhdəlikləri, malların saxlanılma və təhlükəsiz istifadə qaydaları barədə məlumat verilməlidir. Həmçinin ərzaq məhsullarının tərkibi, enerji dəyəri, sağlamlıq üçün zərərli olan maddələrin qida təhlükəsizliyi sahəsində mövcud olan texniki normativ hüquqi aktların tələbləri ilə müqayisəli miqdarı barədə zəruri və düzgün məlumat verilməlidir. İstehlakçıların məlumat almaq hüququnun təmin edilə bilməsi üçün ölkə ərazisinə idxal edilən malların istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilində olmalıdır.

 

 

- Alınan məhsul hansı müddət ərzində qaytarıla və ya dəyişdirilə bilər?

- Dəyişdirilməsi mümkün olan mallar 14 gün ərzində, məhsulun alındığını təsdiq edən sənədlər təqdim olunmaqla geri qaytarıla və ya dəyişdirilə bilər. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli mala dəyişdirilərkən qiymət dəyişdikdə, istehlakçı qiymət fərqini ödəmir. Lakin qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, başqa modelli mala dəyişdirilərkən qiymət dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olan qiymətlər əsas götürülməklə yenidən hesablanır. Məhsulun əmtəə görünüşünün pozulmaması da vacib şərtdir. Məhsulun özündə qüsur aşkar edilərsə və bu qüsur istehsal xarakterli olarsa, istehlakçı onu zəmanət müddəti ərzində dəyişdirə və qaytara bilər. Zəmanət müddəti isə Mülki Məcəlləyə əsasən, 2 ildən az olmamaq şərti ilə müəyyən edilir.

- Əgər zəmanət vermək qanunvericiliyin tələbi və şirkətin öhdəliyidirsə, bu halda şirkət istehlakçıdan zəmanətə görə əlavə ödəniş ala bilər?

- Bu, istehlakçının aldadılmasıdır və İnzibati Xətalar Məcəlləsində təsbit edilmiş qanunu pozmaqdır.

- Hansı məhsullar dəyişdirilə və ya qaytarıla bilməz?

- Bu siyahıya qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.

- İstehlakçı hüquqlarının pozulması ilə bağlı vəziyyət necədir?

- Bu il istehlakçı hüquqlarının pozulmasına dair 3 mindən çox şikayət daxil olub. 2023-cü ilin 6 ayında istehlakçı hüquqlarının müdafəsi ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinə ümumilikdə 2701 müraciət daxil olub. Ötən ildən qalıq qalan 475 müraciət (istehlakçı hüququ ilə bağlı) də nəzərə alınmaqla, hesabat dövrūndə ümumilikde 3176 müraciətə baxılıb. Baxılmış müraciətlərdən 1187-si təmin olunub, 1371-i üzrə qanuna müvafiq izahat ve tövsiyə verilib, 160-ı baxılması üçün aidiyyəti orqanlara göndərilib, 10-u baxılması üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub. Şikayətlərdən 22-si üzrə zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılmış 426 müraciət üzrə hazırda araşdırmalar davam edir. Hesabat dövründə təmin olunmuș müraciətlər üzrə 186 min manat vəsait istehlakçılara qaytarılıb, 34,687 manat dəyərində dəymiş ziyan ödənilib.

 

Gülşən Şərif