2022-ci ilin son günlərini yaşayırıq. İlin yekunlarına nəzər salarkən, istefa xəbərlərinin bolluğu diqqətimizi çəkir. Iqtisadiyyat.az olaraq qərara gəldik ki, ilə damğa vuran istefaları bir daha gözdən keçirək.

İlin ilk səs-küylü istefası akademik Ramiz Mehdiyevdən gəldi. Fevralın 14-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qurumun prezidenti, akademik Ramiz Mehdiyev yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.

14 il Peşəkar Futbol Liqasının prezidenti olmuş Ramin Musayev yayda postunu tərk etdi. Rəsmi məlumatda R.Musayevin səhhəti ilə əlaqədar istefa verdiyi bildirildi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da ilin istefa verən rəhbərləri sırasındadır. Onu bu vəzifədə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid əvəz edib. Ə.Amaşov isə “Xalq” qəzetinin baş redaktoru təyin olunub.

İlin ən yaddaqalan gedişlərindən biri də Vasif Talıbovun Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən istefa verməsi oldu. 27 il bu postu tutan V.Talıbovun səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyi bildirildi.

Bu il gedənlər arasında Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov da var. Amma o, istefa ilə deyil, prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Digər sərəncamla o, Rəqəmsal inkişaf və Nəqliyyat nazirinin müavini təyin edilib.

Vəzifəsindən göndərilən tanınmışlar sırasında SOCAR prezidenti Rövnəq Abdullayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Heydər Əliyev adına Sarayın direktoru Ramil Qasımov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Prezidentin Protokol xidmətinin rəisi Elçin Bağırov, Mədəniyyət naziri Anar Kərimov, Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və digərlərinin adları yer alır.

Bu il dünyada da səs-küylü istefalar qeydə alındı. Britaniyanın baş nazirləri Boris Conson, Liz Tras, Küveyt və Şri-Lanka hökumətləri, Yuventus futbol klubunun rəhbərliyi, Braziliya, İspaniya, Portuqaliya, C.Koreyanın futbol üzrə milli komandalarının baş məşqçiləri də istefa verənlərdən oldular.

Məhəbbət Məmmədov