“İşğaldan azad olunmuş torpaqlarımızda Dövlət Bayrağımızın ucaldılması bütün dünya ermənilərinə və onların havadarlarına gözdağıdır”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu hadisə Azərbaycanın 200 illik tarixində əldə etdiyi ən böyük qələbədir: "Bu tarixin Azərbaycan xalqı və dövlətinin milli qürur günlərindən biri kimi yaddaşlarda qalacağına heç kimdə şübhə yoxdur. Antiterror tədbirləri ilə düşmən işğalından azad olunmuş torpaqlarımızda Dövlət Bayrağımızın ucaldılması bütün dünya ermənilərinə və onların havadarlarına gözdağı olmaqla yanaşı, həm də şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirmiş oldu".

"Ayrı-ayrı ölkələrin mətbu orqanlarında bu hadisəyə geniş yer verilməsi, Prezident İlham Əliyevin Xankəndidəki çıxışından sitatlar gətirməsi də təsadüfi deyil. Çünki Azərbaycan öz suverenliyinin bərpası ilə həm də dünyada separatizmə yer olmadığını və separatçı düşüncə ilə yaşayan toplumların aqibətinin nə ilə sonlanacağını da göstərmiş oldu. Cənab Prezident uzun illər ərzində işğal altında olmuş torpaqlarımızda dövlət bayrağımızı ucaltmaqla, həm də bundan 20 il öncə Prezident seçilən zaman xalqa müraciətində verdiyi vədlərə necə sadiq olduğunu da hər kəsə nümayiş etdirmiş oldu", - politoloq əlavə edib

Yusif Bağırzadə xatırladıb ki, vaxtilə ərazilərimizdə at oynadan separatçılar indi Bakıda təcridxanadadırlar: "Cənab Prezidentin də dediyi kimi, özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

 

Gülşən Şərif