“İl ərzində adambaşına düşən cəmi sığorta haqqı 14% artıb”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Sığorta mübahisələrinin uğurlu həlli yolları”  elmi-praktik konfransında sığorta sektorunun ÜDM-dəki payına toxunan Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, sığorta sektoru üzrə təşəbbüslərin  artırılmasına ciddi ehtiyac var:

“Mərkəzi Bankın hesabatına görə, 2022-ci ildə sığorta haqlarının ÜDM-də payı  0,7 faiz olub. Bu da 2021-ci illə müqayisədə  0.2 faiz bənd azalma deməkdir. Mərkəzi Bank əmsalın azalmasını ÜDM-in artımının sığorta haqlarında olan artımla müqayisədə daha yüksək olması ilə əlaqələndirir. Qeyd edək ki, Avropa ölkələri üzrə bu sektorun ÜDM-dəki payı 3.9 faiz təşkil edir. 2016-ci ildə ölkə başçısının Fərmanı ilə təsdiq edilən “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində” 2020-ci ilə qədər sığorta bazarının payının qeyri-neft ÜDM-ində 1,4%-nə çatdırılması planlaşdırılsa da, dünyada baş verən maliyyə və iqtisadi böhranlar Azərbaycanın maliyyə sektorunda müəyyən təlatümlər yaşatdı. 

Buna baxmayaraq, il ərzində adambaşına düşən cəmi sığorta haqqı 14% artaraq 95 manat təşkil edib. Bu artımın əsas drayveri həyat sığortası olub. Belə ki, həyat sığortası üzrə adambaşına düşən sığorta haqqı 29.6% artaraq 49 manat təşkil edir”.

Gülşən Şərif