Avropa İttifaqı (Aİ) ölkələri yaxın vaxtlarda Kiyevə silah tədarük etdiyi Avropa Sülh Fondunun həcmini 5 milyard avro artırmaq barədə razılaşacaqlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, müvafiq saziş icmaya üzv ölkələrin nümayəndələrinin martın 13-də keçiriləcək iclasında rəsmi təsdiqini almalıdır. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, fond çərçivəsində Aİ-də istehsal olunan silahların tədarükünə üstünlük veriləcək. Bununla belə, üçüncü ölkələrdə istehsal olunan silahların yalnız bu dövlətlərdə alına bildiyi halda ötürülməsi ehtimalı istisna edilmir.

Fevralın 1-də Brüsseldə keçirilən sammitdə Aİ liderləri Avropa Komissiyasının sədri Ursula fon der Leyen və icma diplomatiyasının rəhbəri Xosep Borellin təkid etdiyi kimi, Kiyevə hərbi təchizatın maliyyələşdirilməsi üçün Avropa Sülh Fondunun 5 milyard avro artırılması barədə qərar qəbul edə bilməyiblər. Bu fondun artırılması ilə bağlı müzakirə mart ayına qədər təxirə salınıb.