"Koronavirus pandemiyası İngiltərədə 41 min insanın ölümünə səbəb olub".
Yeniavaz.com xəbər verir ki, İngiltərənin və dünyanın nüfuzlu mətbuat orqanlarından “Financial Times” Milli Statistika İdarəsinin (Office for National Statistics - ONS) son məlumatları üzərində təhlil apardıqdan sonra belə bir məlumat yayıb. Bildirilib ki, virusdan dünyasını dəyişənlərin sayı çərşənbə axşamı nazirlərin açıqladığı 17 min 337-dən iki dəfə çoxdur. Rəsmi rəqəmlərə sadəcə koronavirus testindən keçən və xəstəxanalarda dünyasını dəyişənlər daxil edildiyi üçün belə bir hal ortaya çıxıb.
Çərşənbə axşamı yayımlanan ONS rəqəmləri üzərində təhlillər aparan “Financial Times” ümumilikdə İngiltərədə qeydə alınan ölümləri araşdırıb. Məlum olub ki, aprelin 10-da başa çatan həftədə qeydə alınan ölümlər İngiltərə və Uelsdə son 20 ilin ən yüksək göstəricisindən 75 faiz yuxarı olub. Son 5 ildə sözügedən həftə ərzində orta hesabla 10 min 520 insan dünyasını dəyişdiyi halda, bu il bu göstərici 18 min 516-dır. Həmin həftə ərzində rəsmi rəqəmlərə əsasən koronavirusdan ölənlərin sayının 5 min 353 olduğunu nəzərə alsaq, ümumi orta hesablı ölümlərin sayında 2 min 643 nəfər artım olduğu meydana çıxır ki, bu da çox yüksək rəqəmdir.
“Financial Times” pandemiya dövründə xəstəxanada və xəstəxanadan kənarda baş vermiş ölüm halları üzərində eyni təhlili aparıb və məlum olub ki, eyni hesabla aprelin 21-dək İngiltərədə koronavirusdan ölənlərin sayı 41 min 102 nəfərdir.