Abşeronda dələduzluqda təqsirləndirilən Səlim Cəbrayılovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
İqtisadiyyat.az-ın
əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

Qeyd edək ki, Səlim Cəbrayılovun tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törədib.

Belə ki, o, tanışı Qafar Əliyevin (adı və soyadı şərtidir) iş tapmaqda çətinlik çəkən oğlu Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsinə köməklik göstərəcəyini yalandan vəd verib. Səlim həmin şəxsdən bu yolla 14 avqust 2020-ci il tarixdə Abşeron rayonu “Gənclər şəhərciyi” yaşayış kompleksinin giriş hissəsində fəaliyyət göstərən “Şakirin kafesi” kimi tanınan iaşə obyektində ümumilikdə 8000 manat məbləğində pul alıb. Daha sonra təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyib və zərərçəkmiş də hüquq-mühafizə orqanlarına müraciət edib.