Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən “Dinçer və Carçıoğlu” MMC-yə məxsus anbar sahəsində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

FHN-dın İqtisadiyyat.az-a verilən xəbərə görə, canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Dinçer və Carçıoğlu ” MMC-nin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları obyektin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Sabunçu rayonu DYMH-nin 23 saylı Yanğından Mühafizə Bölməsinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş anbar sahəsində təxliyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış əməkdaşlara “ilkin yardım göstərilib”, şərti yanğın qısa müddətdə “söndürülüb”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.