Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 2023-cü ilin fevral ayının sonunda yanvar ayının sonuna nəzərən 166 min ədəd artaraq 13 milyon 654 min ədəd təşkil edib.

İqtisadiyyat.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.4% artmışdır. 

Ödəniş kartlarında artım debet kartları üzrə 16.9%, kredit kartları üzrə 28.7% təşkil etmişdir.

 Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 118 min, kredit kartları 420 min, digər kartlar isə 1.5 milyon ədəd artmışdır.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artmışdır. 

2023-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 877 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 252 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 621 milyon manatı POS-terminallar, 2.9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. 

Fevral ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 50.9%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 2.7%, POS-terminalların sayı 25% artmışdır.