“Dünyanı inandırmalıyıq ki, Azərbaycanın tərkibində erməniləri hər hansı təhlükə gözləmir”

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycanlı fəalların Laçın dəhlizində təbii sərvətlərimizin talan olunmasına etiraz olaraq keçirdiyi aksiya 11-ci gündür davam edir. Aksiya ilk gündən həm regionda, həm də dünyada fərqli reaksiyalar doğurdu. Hadisə Azərbaycanda da birmənalı qarşılanmadı. Ümumilikdə isə cəmiyyət bu prosesi çox böyük maraqla izləyir. Biz də bu marağı nəzərə alaraq siyasi şərhçi Şahin Cəfərli ilə qısa söhbət etdik.

Şahin bəy, baş verənləri necə qiymətləndirirsiniz? Və ya sualı belə qoyaq: Laçın dəhlizində nə baş verir?

- Rusiya ordusunun sülhməramlı qismində Azərbaycana daxil olmasından sonra dövlətin qarşısındakı yeni vəzifə ondan ibarət oldu ki, mümkün qədər qısa müddətdə, ən geci 5 illik müddətin sonunda rusların ərazilərimizdən çıxarılması və onların faktiki nəzarətindəki Qarabağ ərazilərinin də Azərbaycan dövlətinin suverenliyi altına qaytarılmasına nail olmaq lazımdır. Bu, Azərbaycan dövləti və xalqı üçün müharibədən sonrakı dönəmin başlıca vəzifəsidir. Mən şübhə etmirəm ki, Azərbaycan hakimiyyəti də hazırda məhz bu məqsədin həyata keçirilməsinə çalışır və bu istiqamətdə də öz siyasətini qurub. Laçın dəhlizi ətrafında təşkil olunan bu aksiyanın da məqsədi budur. Yəni, hansısa şəkildə dəhliz üzərində Azərbaycan dövlətinin nəzarətini təmin etməyə çalışmaq. Daha konkret desək, bu gün dəhlizdə baş verənlər tədricən sülhməramlıların nəzarətindəki ərazilər üzərində, simvolik olaraq desək, Xankəndi üzərində Azərbaycan dövlətinin hakimiyyətini təmin etməyə yönəlmiş bir siyasətin tərkib hissəsidir. Niyyət budur. Niyyət doğrudur. Sadəcə olaraq, bu məqsədə çatmaq yolunda istifadə edilən üsulların nə qədər doğru olması məndə sual yaradır.

Deməli, sual doğuran, narahatlıq yaradan məqamlar var.

- Ötən 11 günlük müddətdə gördük ki, erməni tərəfi bu aksiyaları dünyaya istədiyi kimi təqdim etdi. Guya “Azərbaycan Qarabağda humanitar fəlakət törədir”, “insanları blokadaya alıb”, “dinc əhalinin ərzaqla, dərmanla təminatı təhlükədədir” və s. Yəni belə bir təbliğat apardılar və çətinlik çəkmədən dünya ictimai rəyini də bu istiqamətə cəlb edə bildilər. Təəssüf ki, dünyada da bu məsələ məhz bu cür qəbul olundu ki, Azərbaycan Qarabağ ermənilərini blokadaya alıb və onların bütün təchizatını, təminatını kəsib. 2 gün əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında da bu məsələ gündəmə gəldi və biz gördük ki, qurumun həm daimi, həm də müvəqqəti üzvləri Laçın dəhlizinin açılmasına çağırış etdilər.

Belə çıxır ki, beynəlxalq aləmdə bizi Qarabağ erməniləri üçün təhlükə olaraq görürlər?

- Bu aksiyalar başlayanda mən belə bir təhlükəni qeyd etmişdim. Yazmışdım, biz elə etməməliyik ki, dünya hələ də bizimlə ermənilərin birgəyaşayışının imkansız olduğunu düşünsün. Bu bizim maraqlarımıza uyğun deyil. Çünki əgər dünyada azərbaycanlılarla ermənilərin birgə yaşamasının mümkün olmaması ilə bağlı rəy möhkəmlənsə, bu, problemin qəti çözümünə nail olmaqda bizə əngəl törədəcək. Belə bir rəyin möhkəmlənməsi, əslində Rusiya sülhməramlıları adlanan hərbi kontingentin o ərazidə uzunmüddətli qalmasını bir növ legitimləşdirir, ona əlavə əsaslar yaradır. Yəni dünya düşünür ki, əgər orada rus əsgərləri olmasa, onda azərbaycanlılar ermənilərə divan tutacaq, ən yaxşı halda ermənilərin hamısını oradan qovacaq. Ona görə də Rusiya ilə çox kəskin geosiyasi rəqabətin içində olan və onu bütün istiqamətlərdə sıxışdırmağa çalışan qərb özü belə bu vəziyətdə rus əsgərlərinin Qarabağda qalmasında maraqlı olacaq. Bu əlbəttə ki, bizim maraqlarımıza uyğun deyil.

Hadisələrin bu cür inkişafına baxdıqda, bizim daha əvvəl nədəsə səhv etdiyimizi düşünürsünüzmü?

- Mənə görə, Azərbaycanın Ermənistanla sülh danışıqlarından imtina etməsi yanlış idi. Fransanın mövqeyini əsas gətirərək bundan imtina etmək doğru deyildi. Çünki Fransanın ermənipərəst olması yeni fakt deyil bizim üçün. Fransa hər zaman Ermənistana daha yaxın mövqe tutub. Bunu əsas götürərək danışıqlara getməmək yanlış idi.Bizim sülhü çətinləşdirən addımlar atmağımız bizim öz maraqlarımıza uyğun deyil.

Bəs dövlətin bundan sonrakı addımları necə olmalıdır? Nə təklif edirsiniz?

- Bizə lazımdır ki, mümkün qədər tez müddətdə bu məsələyə yekun vuraq, sülh imzalansın. Eyni zamanda paralel olaraq Qarabağın erməni icması ilə də birbaşa dialoq quraraq onlarda özümüzə bir etimad yaradaq. Yəni, onlar inanmağa başlasınlar ki, Azərbaycanın tərkibində qalsalar, onları heç bir təhlükə gözləmir və Azərbaycan konstitusiyası çərçivəsində bütün hüquqlarla təmin olunacaqlar. Yəni biz erməniləri buna inandırmağa çalışmalıyıq. Eyni zamanda dünyanı da inandırmağa çalışmalıyıq ki, Azərbaycanın tərkibində erməniləri hər hansı bir təhlükə gözləmir.

Bir də cəmiyyətdə populyar olan bir düşüncə tərzi var: “biz orada ermənilər üçün dözülməz şərait yaradaq, onlar da torpaqlarımızı tərk edib getsinlər”. Bu nə qədər mümkün görünür?

- Bu mövcud reallıqlara uyğun deyil, yəni mümkün deyil. Yeganə yol oradakı ermənilərlə dialoq quraraq onların Azərbaycan dövlətinə və cəmiyyətinə reinteqrasiyasına çalışmaqdır. Yalnız bu yolla biz həmin ərazilər üzərində öz suverenliyimizi təmin edə, eləcə də Rusiya hərbçilərinin xidmətlərinə artıq ehtiyac duymadığımızı cəsarətlə bildirə bilərik və bu məsələdə dünyadan dəstək ala bilərik. Başqa şəkildə mümkün deyil. Konflikt situasiyasının davam etməsi və bu gün olduğu kimi dərinləşməsi görüntüsü ilk növbədə bizim öz maraqlarımıza uyğun deyil.

İndi baş verənlərə beynəlxalq təşkilatların münasibətini necə qiymətləndirirsiniz?

- Bu münaqişə tarixində beynəlxalq təşkilatlar hər nə qədər bizim gözlədiyimiz səviyyədə ədalətli mövqe tutmasalar da, hər halda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hər zaman dəstək veriblər. Azərbaycan dövləti BMT Baş assambleyasında, Təhlükəsizlik şurasında, eləcə də digər beynəlxalq təşkilatlarda istədiyi qərarları keçirə bilib. Həm də bunun nəticəsi idi ki, müharibə dövründə heç bir beynəlxalq təşkilat və ya dövlət bizə etiraz edə bilmədi ki, “bu müharibə qanunsuzdur” filan. Bu cür bizə irad tutan olmadı. Çünki Azərbaycanın haqlı olduğunu və yalnız öz ərazisində hərbi əməliyyatlar apardığını hər kəs görürdü. Yəni ötən müddətdə göstərdiyimiz səylər, beynəlxalq təşkilatların çıxardığı qərarlar faktiki olaraq sonda bizim köməyimizə gəldi. Amma indi elə bir vəziyyət yaranmağa başlayır ki, artıq biz dünyanı özümüzə qarşı çevirməyə başlayırıq. Yəni haqlı ikən haqsız duruma düşürük. Məncə hakimiyyət yürütdüyü siyasət barədə oturub yaxşı-yaxşı düşünməlidi. Daha soyuqqanlı siyasətə ehtiyac var. Çox ağıllı strategiya qurub səbrlə bu strategiya çərçivəsində öz taktiki addımlarımızı atmalıyıq.