Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələ ciddi dağıntılara yol açıb. Məlumatlara görə, təbii fəlakət nəticəsində minlərlə bina dağılıb. 

İqtisadiyyat.az bildirir ki, dəymiş ziyanla bağlı saytımıza danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, dəyən ziyanı tam olaraq aradan qaldırmaq Türkiyənin öz büdcəsi ilə mümkün deyil:

 

 

“Zəlzələ nəticəsində dəymiş zərərin Türkiyənin büdcəsi hesabına aradan qaldırılması təbii ki, mümkün deyil. Əvvəla ona görə ki, müəyyən büdcə təyinatları var, bu səbəbdən yalnız müəyyən qədər maliyyə ayrıla bilər. 
Türkiyə bu hadisə ilə bağlı beynəlxalq yardım çağırışı etmişdi və hazırda 65 ölkə tərəfindən Türkiyəyə yardım edilir. Hesab edirəm ki, həm ölkələrin, həm də qurumların yardımı önəmlidir, böyük ölçüdə dəstək təmin olunacaq.”

İqtisadçı onu da əlavə edib ki, hazırda dəymiş ziyanın nə qədər olduğunu müəyyən etmək mümkün deyil. İlk əvvəl Türkiyə tərəfindən rəsmi açıqlama verilməlidir.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az