"Bu gün biz bütün postsovet dövründə Ermənistan-Rusiya münasibətlərinin ən kəskin böhranının şahidi oluruq". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın "NEWS.am" nəşrinə rusiyalı politoloq Aleksandr Krılov deyib.

Onun sözlərinə görə, əvvəllər belə bir hal yaşanmayıb.

O əlavə edib ki, heç kim müttəfiqlik münasibətlərinin pozulması ehtimalını inkar edə bilməz.

"İrəvanla Moskva arasında münasibətlər dönüş nöqtəsindədir. Ermənistan rəhbərliyi öz siyasəti ilə Qərb vektorunu inkişaf etdirmək və Rusiya vektorunu hər şəkildə bağlamaq istəyini nümayiş etdirir. O cümlədən inteqrasiya birliklərinin, KTMT-nin ən yüksək səviyyədə sammitlərinə məhəl qoymamaq və bu sammitlərdə iştirak etməmək bunun göstəricisidir", - ekspert qeyd edib.

Ekspert əlavə edib ki, əgər Ermənistan rəhbərliyi kollektiv Qərbin xeyrinə seçim edərsə və Ukrayna kimi edərsə, Rusiya qoşunlarının və sərhədçilərinin Ermənistan ərazisindən çıxarılmasından başqa heç bir perspektiv yoxdur.