Banklarda problemli kreditlərin artması və illərdir həllini tapmaması məsələsi əhali və banklarla yanaşı dövləti də narahat edir. Devalvasiyadan günümüzə qədər bankların bu istiqamətdə atdığı addımların ciddi bir nəticə vermədiyi göz qabağındadır. Millət vəkili Vahid Əhmədov Milli Məclisdəki çıxışında problemli kreditlərin dövlət tərəfindən həlli üçün ölkə rəhbərliyinə müraciət edib. Mətbuatda yayılan məlumatlara əsasən, dövlətin işə qarışması ilə banklar 1500 manata qədər kreditləri siləcək. 5000 dən çox olan kreditlərin əsas hissəsini dövlət ödəyəcək. Bəs görəsən banklar problemin həlli üçün hansı addımları atıb? Dövlətin bu məsələdə hansı rolu ola bilər? Problemli kreditlərə göstərilən qaydada güzəştə gedilməsi bugünkü vəziyyətə uyğundurmu? Bu suallar ətrafında iqtisadçı ekspertlərin fikirlərini öyrənməyə çalışdıq.

Ekspert Günay Hüseynova İqtisadiyyat.az-a verdiyi açıqlamada dövlətin öz rezervlərini qorumaq üçün devalvasiyaya getdiyini bildirərək, kreditlərin dövlət tərəfindən ödənilməsinə inanmadığını deyib.

“Devalvasiyadan öncə dollar 78 qəpik idi deyə həm əhaliyə, həm də banklara sərfəli idi. Buna görə də soruşulmadan kreditlər dollarla verilirdi. Fikrimcə banklar devalvasiya olacağını bilirdilər və qəsdən kreditləri dollarla verdilər.

Faydası olmasa da banklar müəyyən addımlar atdılar. Problemli kreditlərin son ümid yeri olan dövlət sadəcə tövsiyə verdi. Bu da nə əhalinin, nə də bankların xeyrinə dəyişmədi. Dövlətin öz rezervlərini qorumaq üçün devalvasiyaya getdiyini nəzərə alaraq, inanmıram ki, kreditləri ödəsin. Bunu özü ödəyəcəkdisə, devalvasiyaya niyə gedirdi ki?

Azərbaycanda bankların nizamnamə kapitalı 50 milyon manatdır. Zərər gördükdə, iflasa uğradıqda nizamnamə kapitalından istifadə etmək olar. Ancaq devalvasiyadan bir neçə il keçməsinə baxmayaraq banklar kreditlərin qaytarılması üçün heç bir iş görmür. Əksinə məhkəməyə baş vururlar. Bununla bağlı heç nə edilmədiyi üçün 2-ci devalvasiya oldu. 3-cü devalvasiyanın olmağı qaçılmaz deyil. Neftin qiyməti düşən kimi bu baş verəcək”.

Maliyyə və bank üzrə ekspert İldırım Qurbanov saytımıza verdiyi açıqlamada problemli kreditlərin vətəndaşlarla banklar arasında razılaşma ilə həll olunacağını bildirib.

 

“Bir sıra banklar problemli kreditlərin həlli üçün təklif paketləri yaradaraq müəyyən güzəştlər etdilər. Kreditlərin müqaviləsinin yenidən imzalanması prosesi getdi. Konversasiya etdilər, xarici valyutadan milli valyutaya çevirmə prosesi və.s güzəştlərlə banklar problemli kreditlərin həllinə çalışdılar. Bütün bunlar öz təsirini göstərdi. Faizlər artdıqca köhnədən qalan kreditlər də çoxalır, nəticədə problemli kreditlər də artır. Məhkəmədə ümumi kredit portfelinin 9%-ə qədəri - təxminən 300 min iş var. İndiki halda güzəştlərə gəldikdə isə bankla vətəndaş özü razılığa gəlməlidir. Dövlətin bu istiqamətdə hansı addımları atacağı barədə təklifim yoxdur. Yaxşı olar ki, banklar real sektoru maliyyələşdirsinlər, sahibkarlar üçün, iş yerlərinin açılması üçün dəstək versinlər. İqtisadiyyata pul yatırsınlar. Bu barədə Prezdentin tapşırığı da var”.

Mehman Nəbiyev