İqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanda bankların iqtisadi əsas olmadan komisyon haqqı tutması barədə fikirlərini öz feysbuk hesabında paylaşıb. Belə ki, iqtisadçı bankların 500 avro əskinasının qəbulu zamanı 1% komisyon haqqı tutulmasını əsassız sayıb. Ekspert Mərkəzi Bankın avronun ölkədaxili istifadəsini problemsiz hesab etdiyini qeyd edərək, bankların bu tələbinin düzgün olmadığını bildirib. Vüqar Bayramov bankların bu tip komisyon haqları müəyyənləşdirməsini müştəri üçün əlavə xərc yaratmaq kimi qiymətləndirib. Həmçinin iqtisadçı buna görə də Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının qanunvericilik çərçivəsində belə məsələlərə müdaxilə etməsinin vacib olduğunu vurğulayıb.

Valyuta və əmtəə bazarları üzrə ekspert Gündüz Gözəlov İqtisadiyyat.Az-a açıqlamasında Vüqar Bayramovun fikirləri ilə razılaşmadığını bildirib və bankların nəyə görə komisyon haqqı tutduqlarına dair aydınlıq gətirib. Onun sözlərinə görə, 500-lük avronun satışı Azərbaycanda alınmadığı üçün banklar onu xaricə daşımağa məcbur olurlar və nəticədə daşınma xərci ortaya çıxır:

“Banklar 500-lük avro əskinaslarını daxili bazarda sata bilmir. Ona görə də məcburən bu əskinasları təyyarə ilə daşıyaraq Avropada təhvil verirlər. Bu prosesi də ancaq böyük banklar həyata keçirirlər. Kiçik banklar hesaba təhvil vermək üçün özlərində olan 500-lük əskinasları böyük banklara verirlər və əlavə oalraq komisyon haqqı da ödəyirlər. Əvəzində 200-lük, 100-lük əskinaslar gətirirlər. Bununda həm daşınma xərcləri, həm də digər xərclər təxminən 0.1-0.4% arası dəyişir. Banklar məhz həmin xərcləri müştəridən alırlar. Nağd manatla bankda 500-lük avro almaq istəsəniz onu 200-lük avroya nisbətən ucuz satacaqlar. Çünki 200-lük əskiansın gətirilmə xərcləri var. Onu da qeyd etmək lazımdır ki, nağd valyutanın xaricə aparılıb hesaba təhvil verilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziya tələb olunur. Hazırda valyuta bazarlarında 500-lük əskinasla xırda nominallı avro vəsaitləri arasında qiymət fərqinin səbəbi budur. 500 avro ucuz deyil, ancaq 200 avro ona nisbətən bahadır”.

 

Mehman Nəbiyev