Laçın-Şuşa-Xankəndi yolunda azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları nümayəndələrinin keçirdiyi etiraz aksiyası saatlardır ki, davam edir.

Aksiyada iştirak edənlərin sayı da artmaqdadır. Eyni zamanda bir qrup erməni separatçı da Xankəndidəki meydanda toplaşıb.

İqtisadiyyat.az saytına açıqlama verən Xankəndinin deputatı Tural Gəncəliyev bildirdi ki, Azərbaycan vətəndaşları öz torpaqlarında aksiya keçirir və tam hüquqları da var:

“Rusiya sülhməramlıları anlamalıdırlar ki, olduqları yer Azərbaycan torpağıdır. Və torpaqda da toplaşanlar Azərbaycan vətəndaşlarıdır. Xankəndində baş verənlər isə əhəmiyyətsiz məsələdir. Heç toplaşanların sayı da çox deyil. Əsas odur ki, ekoloji fəallarımız bu soyuqda böyük əzmlə haqlarını tələb edirlər. Aktivistlərin tələbləri, şərtləri yerinə yetirilənə qədər gözləyəcəyik.”

Qeyd edək ki, aksiyaların davam edəcəyi nəzərə alınaraq Azərbaycan tərəfi həmin əraziyə artıq işıq xətti də çəkib.