“Vətən müharibəsi Azərbaycanın dövlətçilik və hərbi-siyasi tarixində son 200 illik güc balansını dəyişərək milli dövlətçiliyimizi tamamilə yeni bir inkişaf mərhələsinə çıxartdı”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O vurğulayıb ki, Vətən müharibəsinin zəfərlə yekunlaşması Azərbaycan xalqını 200 ildən çox davam edən məğlubiyyətdən qurtararaq qalib xalqlar sırasına daxil edib: “44 günlük savaş Azərbaycan xalqının milli qürurunu, milli ləyaqətini özünə qaytardı. Bu tarixi mübarizəmizdə Azərbaycanın qəhrəman övladları şəhid və qazi oldular, vətən uğrunda canlarından keçdilər. Ona görə də Azərbaycan Prezidentinin Sərəncamı ilə 27 Sentyabr məhz bütün şəhidlərimizin Anım Günü kimi müəyyənləşdirildi. Bu, sadəcə təqvim günü deyil. Çünki Anım Günü anmaq, xatırlamaq sözündəndir. Onilliklər, yüzilliklər keçəcək 27 Sentyabr həmişə Azərbaycanda Anım Günü kimi qeyd ediləcəkdir”.

Milli Məclisin deputatı bildirib ki, illər ötsə də, hər zaman geriyə baxdıqda Azərbaycanın 30 il hansı vəziyyətdə olduğunu xatırlanacaq: “Azərbaycan dövlətinin sonrakı mərhələdə necə gücləndiyini, necə böyük bir ordu qurmasını, müzəffər ordunun necə döyüşdüyünü xatırlayacağıq. Azərbaycan oğullarının 44 günlük savaşda necə qəhrəmanlıqlar göstərdiklərini xatırlayacağıq. Ona görə də bu 27 Sentyabr həm milli, həm də tarixi yaddaşımızın daim təzələnməsi baxımından çox mühüm bir tarixdir. Həm də milli özünüdərk baxımından çox mühüm bir tarixdir”.

“Prezident İlham Əliyev VII çağırış Milli Məclisin açılış nitqində qeyd etdi ki, Azərbaycana münasibətdə kimin dost, kimin düşmən molduğunu müəyyənləşdirməyin çox sadə bir formulası var. Bu, bizim suverenliyimizə münasibətdir. Kim Azərbaycanın suverenliyini qəbul edirsə, o dostumuzdur, kim qəbul etmirsə, o da bizim dostumuz deyil. Məhz bizim üçün regionda kimin kim olduğunu müəyyənləşdirmək baxımından strateji diplomatiyamızı və milli siyasətimizi yenidən nəzərdən keçirib və yenidən qurmaq baxımından biz yenə də 2020-ci ilin 27 sentyabrına baxmalıyıq. Bu 44 günlük müharibə, onun gətirdiyi nəticələr və suverenliyimizin bərpası tarixinə nəzər yetirməliyik. Azərbaycan Prezidenti də məhz bu günü Dövlət Suverenliyi günü kimi qeyd etdi. Bax görürüsünüz, bütün bunlar 27 sentyabrdan başladı, məğlub kimi göstərilən bir xalqı döyüşkən, qəhrəman və qalib bir xalq kimi dünyaya yenidən tanıtdı”, - deputat əlavə edib.

 

Sadiq Cavadov