"Qarabağ və Şərqi Zəngəzur gündən-günə dirçəlir, çiçəklənir və öz sakinlərinə qucaq açır. Biz uzun illərin həsrətindən sonra çox şərəfli və qürurlu hadisələrə şahidlik edirik. Mənliyimizi bizə qaytaran çox böyük nailiyyətlərə xalq olaraq imza atmışıq".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O, 2020-ci ilin setyabrında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayının 19-20-də davam edən antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bütün ərazilərində tam bərpa edildiyini xatırladıb.

Deputat söyləyib ki, artıq Azərbaycan xalqı olduğu istənilən yerdə, istənilən kürsüdə və istənilən tribunada qürurla danışır: “Çünki 30 illik müddət ərzində ölkənin beşdə bir hissəsi işğal altında olduğundan sanki bir natamamlıq var idi. Azərbaycanın Vətən müharibəsində yaratdığı reallıqlardan sonra artıq dünya bizimlə hesablaşmağa məcbur olub. Bütün bunlara müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında nail olmuşuq. Məhz bu proseslərin nəticəsi olaraq bu gün Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin layiqli və təhlükəsiz qayıdışı baş verir. Burada olduqca vacib məsələ onların təhlükəsiz şəkildə həmin ərazilərə geri qayıdışının təmin olunmasıdır. Çünki ermənilər bizdə çox ağrılı bir miras qoyublar. Onların Azərbaycana qarşı mina terroru bu gün də davam edir. Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasəti bu və ya digər formada özünü büruzə verir ki, mina təhlükəsi də onlardan biridir”.

A.Allahverənov vurğulayıb ki, Ermənistan minaların dəqiq yerini özündə əks etdirən xəritələri vermək istəmir: “İndiyədək verilən xəritələrin də həqiqətə uyğunluğu heç 20-25% təşkil etmir. Buna baxmayaraq, Azərbaycan həmin əraziləri minalardan təmizləyir, orada böyük bərpa və quruculuq işləri həyata keçirir, tamamilə məhv edilmiş yeni coğrafi bir areal qurur. Azad olunmuş ərazilərdə qısa bir müddətdə bərpa-quruculuq işlərinin aparılması, minalardan təmizlənməsi, infrastrukturun qurulması, yolların inşa edilməsi, qəsəbələrin salınması, elektrik stansiyalarının qurulması, su resurslarının düzgün bölüşdürülməsi, flora və faunanın dirçəldilməsi istiqamətində həyata keçirilən işlər həqiqətən də təqdirdəlayiqdir. Son illər ərzində miqyasına görə bu işlərin dünyada tayı-bərabəri yoxdur. Amma Azərbaycan o nümunələri dünyaya, dünyanın mütərəqqi qüvvələrinə də nümayiş etdirmiş olur”.

Artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarının qayıdışını başladığını xatırladan deputat söyləyib ki, yaxın bir neçə il ərzində onların sayının 200 mindən artıq olacağı qeyd olunur və bu istiqamətdə də işlər daha intensiv xarakter alır: “Azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin fonunda yaşayış məntəqələrində həyat üçün lazım olan bütün şərait yaradılır, böyük infrastruktur layihələr icra olunur. Ölkəmizin bir çox yerlərində müvəqqəti olaraq məskunlaşmış keçmiş məcburi köçkünlər artıq ümidlə növbələrinin çatacağını gözləyirlər. Bu gün biz bir vətəndaş olaraq çox böyük qürur hissi ilə danışa bilirik ki, artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımızda həyat canlanıb və bu ərazilər gündən-günə dirçəlir və inkişaf edir. Təbii ki, bunun əsasını məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında həyata keçirilən dövlət siyasəti təşkil edir”.

Deputat qeyd edib ki, artıq Azərbaycan yeni çağırışlar astanasındadır və bu gün o çağırışları uğurla həyata keçirməkdədir: “Bu uğurların əldə olunması həm də yeni geosiyasi konfiqurasiyanın, mənzərənin və bu proseslərdə Azərbaycanın özünün layiqli və etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində mühüm yer tutmasını şərtlərindirən amillərdən biridir”.

 

Sadiq Cavadov