“2026-cı ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı bitir. Çox güman, ondan sonra ikinci Dövlət Proqramı qəbul olunacaq ki, bu da daha çox sosial infrastrukturun yaranması, evlərin tikilməsi, şəhərlərin və kəndlərin salınması layihələrini özündə əks etdirəcək. Eyni zamanda daha çox məşğulluq sahəsinin genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək verilməsi kimi layihələri özündə ehtiva edəcək”. 

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

O xatırladıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağın və Şərqi Zəngəzurun bərpası elə 44 günlük Vətən müharibəsi bitən andan başlayıb: “İşğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələri icra olunur. Bu işlərin həyata keçirilməsi üçün onlarla sərəncam, qanun və Dövlət Proqramı qəbul edilib. Böyük Qayıdışa dair I Dövlət Proqramı 2023-2026-cı illəri əhatə edir və bu, böyük bir sənəddir. Bu proqramın icrası məqsədilə indiyədək dövlət büdcəsindən 18 milyard manatdan çox vəsait ayrılıb və gələn ilin dövlət büdcəsində də 5 milyard manata qədər vəsait nəzərdə tutulur”.

Azad olunmuş ərazilərdə indiyə qədər olduqca böyük və genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini xatırladan deputat söyləyib ki, bütün bunlara qısa müddət ərzində nail olunub:

“Cəmi üç il ərzində biz artıq onlarla yaşayış məntəqəsini ya bərpa etmişik, ya da bərpa etmək üzrəyik. Üç min kilometrdən çox yol çəkilmiş, çoxlu sayda elektrik stansiyaları və yarımstansiyalar tikilmişdir. Körpülər, tunellər çəkilmiş, işıq, qaz, yol infrastruktur layihələri, demək olar ki, tamamlanmaq üzrədir. Azad olunmuş ərazilərdə üç aeroportdan artıq ikisi beynəlxalq hava limanı kimi fəaliyyət göstərir. Laçın Beynəlxalq Hava Limanı da yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Artıq Şuşa, Füzuli, Cəbrayıl və Zəngilanda uşaqlar məktəbə gedirlər. Yaxın vaxtlarda Ağdama köç də başlayacaq. Demək olar ki, Qarabağda həyat yenidən canlanır”.

M.Quliyev vurğulayıb ki, bu ilin sonuna qədər Qarabağa və Şərqi Zəngəzura 20 mindən çox keçmiş məcburi köçkünün qayıtması gözlənilir: “Bütövlükdə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 140 mindən çox soydaşımızın ata-baba yurdlarına dönməsi planlaşdırılır. Bu, olduqca böyük layihədir və Azərbaycan bunu yalnız öz gücü hesabına, maliyyə imkanları və vəsaitləri hesabına həyata keçirir. 

Milli Məclisin üzvü bildirib ki, qayıdışı yubadan və çətinlik törədən əsas məsələlərdən biri də azad edilmiş ərazilərimizin işğal dövründə minalanmasıdır: “Beynəlxalq təşkilatlar, əslində, minaların təmizlənməsinə həm maddi-texniki, həm də peşəkar kadrlarla köməklik göstərməlidirlər. Təəssüf ki, biz bu köməyi də görmürük. Yalnız Azərbaycan öz gücü hesabına bu işləri görür. Bu həm də Azərbaycan dövlətinin gücünün, qüdrətinin və məqsədyönlü aparılan cəsarətli siyasətin bir göstəricisi və nümunəsidir. Biz təkcə Qarabağ və Şərqi Zəngəzuru bərpa etmirik, orada modern və müasir tələblərə cavab verən, ekoloji cəhətdən təmiz, eləcə də “yaşıl enerji”dən maksimum istifadə etməyə qadir olan bir bölgə yaradırıq. Cənab Prezidentin dediyi kimi, Şərqi Zəngəzuru və Qarabağı biz yer üzündə əsl cənnətə çevirəcəyik. Bununla yanaşı, biz Azərbaycana dost dövlətlərin təcrübəsindən də istifadə edirik. Özbəkistan, Qazaxıstan, Qırğızıstanın Azərbaycana dost yardımı olaraq tikdiyi məktəblər və uşaq yaradıcılıq evləri artıq fəaliyyətə başlayıb. Digər dost dövlətlərdən də biz eyni addımın atılmasını arzu edərdik”.

“Həmçinin hüquqi cəhətdən və qanunvericilik baxımından Azərbaycanımızın hər bir bölgəsindən olan insanlarımızın azad olunmuş ərazilərə getmək, yaşamaq, ev tikmək və iş qurmaq kimi imkanları da yaradılmışdır və daha da geniş vüsət almaqdadır. İnşallah, bu işləri biz qısa müddət ərzində yekunlaşdıracağıq və yaxın gələcəkdə bütün keçmiş məcburi köçkünlərimiz ata-baba yurdlarına dönəcəklər. Qarabağ və Şərqi Zəngəzurun olduqca böyük məşğulluq və iqtisadi potensialı var. Bu bölgələr olduqca geniş kənd təsərrüfatı, emal sənayesi, turizm, mədən sənayesi və logistik imkanlarına malikdir. Bu da Azərbaycanın iqtisadiyyatına öz töhvəsini verəcək və ölkəmizin bütövlükdə inkişafına xidmət edəcək”, - deputat M.Quliyev əlavə edib.

 

Sadiq Cavadov