Bu gün Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların keçirdiyi və hazırda da davam edən etiraz aksiyası ilə bağlı millət vəkili Vahid Əhmədovun fikirlərini öyrəndik:

"Bu, mühüm aksiyadır, çünki Rusiya sülhməramlıları faktiki olaraq özlərini Qarabağ ərazisinin sahibi kimi aparırlar. Bizim jurnalistlər və ekoloqlar sadəcə istəyirdilər ki, gedib orada ekologiyaya dəyən ziyana baxsınlar. Onları isə ora buraxmadılar. Elə buna görə də haqlı olaraq QHT nümayəndələri və digər fəallar Laçın yolunu bağladılar. Ümumiyyətlə bu yol vasitəsilə Qarabağa kifayət qədər canlı qüvvə və silah-sursat daşınırdı. Bu yolun bağlanması çoxdan lazım idi".

İqtisadiyyat.az xəbər verir ki, V.Əhmədov sülhməramlıların davranışlarına belə şərh verdi: "Əlbəttə, aydındır ki, onlar Moskvadan idarə olunur. Yəqin Moskvadan göstəriş alıblar ki, vəziyyəti gərginləşdirsinlər. Son vaxtlar dövlət başçısının çıxışları, xüsusilə Soçidə Putinə "Qarabağ məsələsi həll olunub" deməsi, Fransa prezidentini kəskin tənqid etməsi, Milli Məclisin sədri Sahibə Qafarovanın assambleyanın iclasında öz həmkarını kəskin tənqid etməsi və.s artıq Azərbaycanın sərt xarici siyasət yeritdiyinə dair bir daha sübutdur".

Millət vəkili mövzuya belə yekun vurub: "İndi orada olan Rusiya sülhməramlıları yavaş-yavaş ərazimizdən çıxmalı, Azərbaycan qanunlarına tabe olmalıdır. Bununla belə bəzi maraqlı qüvvələr ərazilərimizdə yenidən müharibə şəraiti yaratmaq istəyindədir. Görünür ikinci dəmir yumruğu göstərməyə ehtiyac var".
 

Aynur Hökmürəvan