İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və yaxud nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək.

Bu barədə İqtisadiyyat.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Belə ki, dəyişiklikdən əvvəl dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə 80 manat məbləğində cərimə nəzərdə tutulurdusa, hazırki dəyişikliklərdən sonra bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği 20 manat artırılıb.

Eyni zamanda, dəyişikliklərə əsasən nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi də inzibati xəta kimi təsbit edilib və bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği 100 manat müəyyən edilib.