Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə telefon danışığı baş tutub.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı tərəflər regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar prosesi, habelə Laçın yolu ətrafında yaranmış cari vəziyyəti müzakirə ediblər.

C.Bayramov Azərbaycan vətəndaşlarının legitim etirazının səbəblərinin Azərbaycanın təbii sərvətlərinin talanması, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan qeyri-qanuni iqtisadi və hərbi fəaliyyətlər üçün sui-istifadə edilməsi və bundan qaynaqlanan, 282 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən mina təhdidləri olduğunu qarşı tərəfə bildirib.

Nazir habelə, etirazlar başlayandan etibarən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları, erməni təcili tibbi maşınları daxil olmaqla 800-ə yaxın nəqliyyat vasitəsinin heç bir maneə olmadan yoldan keçməsi fonunda guya bölgədə “humanitar fəlakət” yarandığı, Laçın yolunun “bağlanması” barədə iddiaların tamamilə əsassız olduğunu vurğulayıb.

Azərbaycan tərəfinin sülh sazişinin mətnini ilk təqdim edən tərəf kimi, Ermənistanla bu istiqamətdə danışıqların qısa müddət ərzində davam etməsinə hazır olduğu bir daha diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.