"Kipr Respublikasının hakimiyyət orqanları Mərkəzi Asiyada mövcudluğunu genişləndirməyi son dərəcə vacib hesab edərək, Qazaxıstanda səfirlik açmaq qərarına gəliblər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə hökumət sözçüsü Konstantinos Letimpiotis məlumat verib.

"Nazirlər Şurası bu gün Kipr Respublikasının Qazaxıstan Respublikasında diplomatik nümayəndəliyinin açılması barədə qərar qəbul edib", - o deyib. 

Letimpiotis qeyd edib ki, Kipr özünün xarici siyasətinin əsas sütunlarından biri olan Mərkəzi Asiya regionuna böyük əhəmiyyət verir.

Diplomat vurğulayıb: "Bizə birbaşa və ya dolayısı ilə təsir edən regionda baş verən hadisələrdə söz sahibi olmaq və rol oynamaq istəyimizi nəzərə alaraq qərara gəldik ki, Kiprin Qazaxıstanda diplomatik mövcudluğu vacibdir. Kipr iqtisadiyyatının bərpasını nəzərə alaraq, siyasi mülahizələr Kiprin Mərkəzi Asiyada mövcudluğunun gücləndirilməsini tələb edir".