Çin dəniz polisinin gəmilərinin təhlükəli manevrləri onların Cənubi Çin Dənizində (SCS) Filippin Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinin gəmiləri ilə toqquşmasına səbəb olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Filippin hökumətinin Qərbi Filippin dənizindəki Milli İşçi Qrupunun yaydığı bəyanatda deyilir.

Bəyanata görə, insident bazar günü səhər Sierra Madre gəmisində yerləşdirilən personalın rotasiyasını yerinə yetirmək missiyası zamanı baş verib: "Çin sahil mühafizə gəmisinin təhlükəli manevrləri nəticəsində o, Filippin donanmasının təchizat gəmisi ilə toqquşub. Digər insidentdə isə Ayungin Shoal bölgəsində Çin sahil mühafizə gəmisi Filippin gəmisi ilə toqquşub".

"Qərbi Filippin Dənizi Milli İşçi Qrupu Çin dəniz polisinin Filippinin suveren hüquqlarını və yurisdiksiyasını pozan son təhlükəli, məsuliyyətsiz və qanunsuz hərəkətlərini qəti şəkildə pisləyir", - məlumatda qeyd edilir.

Qeyd edək ki, Cənubi Çin dənizinin mübahisəli sularında vaxtaşırı Filippin və Çin gəmiləri arasında insidentlər baş verir. Belə ki, avqust ayında Çinin sahil mühafizə gəmisi Filippin gəmilərinin yaxınlığında təhlükəli manevrlər edərkən su şırnaqlarından istifadə edib. İnsident Pekinin öz ərazisi hesab etdiyi Ayungin Şolunda Sierra Madre üzərində yerləşən Filippin qoşunları üçün təchizat daşıyan gəmiləri müşayiət edərkən baş verib.