Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq iyulun 14-də Cəlilabad rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

İqtisadiyyat.az xəbər veriri ki, konfransda Cəlilabad, Neftçala, Salyan və Biləsuvar rayon prokurorluqlarının əməkdaşları, hüquq mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.

Tədbir başlamazdan öncə Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Cəlilabad rayon prokuroru Vahid Məmmədov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə çıxış edib.

Daha sonra Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilov, Neftçala rayon prokuroru Nəsif Nəcəfov, Salyan rayon prokuroru Rəşad Mansurov və Biləsuvar rayon prokuroru Camal Bağırovun Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, respublikamıza, xüsusilə Cəlilabad rayonuna diqqət və qayğısı barədə çıxışları dinlənilib.

Konfrans iştirakçıları Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmə baxıblar.

Sonda xatirə fotoşəkli çəkilib.