Son günlər müharibə veteranlarına verilən 80 manatlıq müavinətin artırılması ilə bağlı məsələ geniş müzakirə olunur. Bununla bağlı bir sıra deputatlar da Milli Məclisində məsələ qaldırıb. 

2019-cu ildə təsis edilən bu təqaüd məbləğinin sabit olaraq qaldığı, digər xərclər artsa da, artıma gedilmədiyi deyilir.

Millət vəkili Siyavuş Novruzov təqaüdün qaldırılmasını gələn ilin büdcə müzakirələrində hökumətə təklif edib: “Müxtəlif sahələrdə, xüsusən də nəqliyyat, kommunal sahədə qiymət artımı baş versə də, müharibə veteranlarına verilən 80 manatlıq müavinət artırılmır”, - deyə o bildirib. 

İqtisadçı deputat Vüqar Bayramov isə veteranlara verilən 80 manat müavinətlərin gələcəkdə artırılması ilə bağlı yeni formulq və ya mexanizm yaradılmasını təklif edir. 

Vahid Əhmədov da müavinət məbləğinə yenidən baxılmalı olduğunu dilə gətirib.

Bəs təqaüd məbləği nə qədər artırılmalıdır?

İqtisadiyyat.az “Ölkə.Az”a istinadən xəbər verir ki, İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirdi ki, müharibə veteranlarına Prezident təqaüdünün verilməsi haqqında Fərman 15 aprel 2019-cu ilə təsadüf olunur və həmin ildən sonra iqtisadiyyatımızda çox ciddi inflyasiya prosesləri müşahidə olunmaqdadır: “Builki inflyasiya hələ də ikirəqəmlidir, 10,2% təşkil edir. Ötən il isə inflyasiya 15%-ə yaxın bir rəqəm idi. 2019-cu ildə müəyyən olunmuş 80 manatlıq müavinətin həmin ildəki alıcılıq gücündə olmasını istəyiriksə, təqaüdün 40-50% artırılmasına ehtiyac olacaq. Çünki son 5 ildə inflyasiya sürətli şəkildə artıb və gələn il də ən azı 5,3% olacaq”. 

Ekspert deyir ki, hökumətin buna hazır olub-olmaması başqa bir mövzudur: “Sosial müavinət qismində verilən təqaüd də əlavə təqaüddür. Hökumətin sosial xərcləri dayanıqlı artırması dayanıqlı büdcə ilə bağlı qayğılara görə bəzən mümkün olmur. Çünki bu pullar daimi olaraq ödənilməlidir. Hökumət isə gəlirlərini o qədər artıra bilmir”. 

X. Kərimlinin sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorundan toplanan büdcə gəlirləri son iki ildə əvvəlki illərə görə aşağı düşüb: “Hökumət 2024-cü ildə büdcə xərclərini ən azı 2023-cü il səviyyəsində saxlamaq üçün Neft Fondundan əlavə bir milyard manat resurs götürməyi planlaşdırır. Hələ də neft sektoru büdcə gəlirlərinin 50,2%-ni təşkil edir. Bunun 75%-I siə Neft Fondundan götürülən vəsaitdir. İqtisadiyyatımızın modeli budur, ona görıə də hökumət bəzən bu cür xərcləri artırmaqda könülsüz olur”, - deyə ekspert əlavə edib.