“Bu ilin iyul ayına kimi yalnız cinayət işləri və mülki işlər üzrə kassasiya instansiyasında vətəndaşlar dövlət hesabına ödənişsiz hüquqi yardımdan yararlana bilirdilər. Mülki və apellyasiya işləri üzrə birinci instansiyada isə belə bir imkan yox idi. Ancaq Prezident İlham Əliyevin təşəbbüsü ilə Mülki Prosessual Məcəlləyə dəyişikliklər edildi. Nəticə etibarilə, mülki işlər üzrə də çox geniş kateqoriya aztəminatlı və imtiyazlı şəxslərə də dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunla müəyyən olundu. Bu çox böyük bir uğurdur”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədri qeyd edib ki, son illər ərzində saysız-hesabsız ödənişsiz hüquqi yardım aksiyaları keçirilib.

“Vəkillik ölkədə az peşələrdəndir ki, bu sahədə vətəndaşlara ödənişsiz hüquqi yardım da göstərir. 2022-2023-cü illər ərzində 5 000-ə yaxın vətəndaşa tamamilə ödənişsiz hüquqi yardım göstərilib. Fürsətdən istifadə edib sizin vasitənizlə vətəndaşlara müraciət edirəm ki, dekabrın 28-də bizim vəkillər tərəfindən növbəti ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək.

Bundan əlavə, dövlət hesabına hüquqi yardımla bağlı 2020-2022-ci illər ərzində Azərbaycanda 78 109 qərar üzrə vətəndaşımıza dövlət hesabına hüquqi yardım göstərilib. 2023-cü il tamam başa çatmasa da, qeyd edə bilərəm ki, bu günə kimi 34 182 qərar üzrə vətəndaşlara dövlət hesabına hüquqi yardım göstərilib. Bu artıq kəskin bir artımdır. Bilirsiniz ki, dövlət hesabına hüquqi yardımın 1 saatına görə 6 manat ödənilir. Son dəfə bu sahə üzrə artım 2018-ci ildə baş verib. Bizi narahat edən məqam odur ki, 2018-ci ildən bəri həmin rəqəm dəyişməz olaraq qalıb. Aydındır ki, bütün sahələr üzrə əməkhaqlarında artım baş verib. Ona görə də bu məsələ ilə bağlı tərəfimizdən aidiyyəti dövlət qurumuna müraciət edilib. Yəqin ki bu məsələ də öz həllini tapacaq” - deyə Kollegiyanın sədri bildirib.