Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, bu gün saat 09:00-dan saat 16:00-dək Bakının Heydər Əliyev prospektinin yan yolunda (şəhər istiqamətində SOCAR-ın inzibati binasının qarşısında) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Buna səbəb aparılacaq təmir işləridir. Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edir.

Bu gün və sabah Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə ("20 Yanvar" dairəsindən "Koroğlu" metrosu istiqamətində birinci tunelin girişinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazidə aprelin 21-dən 22-nə keçən gecədən etibarən aprelin 23-ü saat 13:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar olaraq 2023-cü ildə tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) 149 nömrəli marşrutun hərəkət sxemində dəyişikliklərin edilməsi planlaşdırılır. 149 nömrəli marşrut üzrə avtobusların hərəkəti alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu – H.Cavid prospekti – Landau küçəsi (Hüseyn Cavid parkı) – Elmlər Akademiyası metro stansiyası – Mətbuat prospekti ilə təşkil ediləcək.

Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında yunan-Roma güləşi yarışlarına bu gün start veriləcək.

Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ukrayna səfəri bu gün başa çatacaq. 

Ukrayna Müdafiə Kontakt Qrupunun Ramştayn formatında 11-ci görüşü bu gün keçiriləcək. İclasda müdafiə nazirləri və digər yüksək rütbəli müdafiə rəsmiləri Ukraynada davam edən böhranı, ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi müxtəlif təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.