Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, bu gün ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Uşaq İncəsənət Festivalının ilk mərhələsi başlayacaq. Festivala qatılanlar şəxsiyyəti təsdiq edən sənədi və iştirak məlumatlarının çap olunmuş formatını özləri ilə gətirməlidirlər.

Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri bu gün Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcəklər. Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşdirilən səfər çərçivəsində deputatlarımızın Ukrayna Ali Radasının spikeri, Ukraynadakı Azərbaycan diasporu və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və işçi qrupunun üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili bu gün İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər. Səfər çərçivəsində deputatlarımız İtaliya Respublikası Senatında Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibinin rəsmi təqdimat mərasimində iştirak edəcəklər.

Bu gün ölkənin bir sıra magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. Aprelin 17-də gecə və səhər saatlarında ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimalı var.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu gün İraqın paytaxtı Bağdada işgüzar səfər edəcək. Kulebanın səfərinin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə etmək və bu sahədə müxtəlif regional və beynəlxalq problemlərin həlli ilə bağlı məsləhətləşmələr aparmaqdır.

BMT Təhlükəsizlik Şurası aprelin 17-də Sudandakı vəziyyəti müzakirə edəcək.