Bu gün nələr gözlənilir? 

İqtisadiyyat.az xəbər verir ki, bu gün saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Qeyd edək ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Azərbaycan ağırlıqqaldıranları Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında çıxışa bu gün start verir. Komandamızın üzvlərindən ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. Çempionatda 49 kiloqram çəki dərəcəsində mübarizə aparacaq idmançımız bu gün gücünü sınayacaq.

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı bu gün Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq. İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.

Bu gün şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq üçün müraciət edən namizədlər üçün test imtahanı keçiriləcək. Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu barədə namizədlərin əlaqə nömrələrinə mesaj göndərilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu gün Yevlaxda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir.