İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün saat 11:00-da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə avqust ayı üçün biletlər satışa çıxarılacaq. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Bu gün saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər iyulun 31-də saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Təmsilçimiz “Qarabağ” Polşa klubu “Rakuv”la qarşılaşacaq. “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

“Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün Latviyanın RFS klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası bu gün Balakəndə keçiriləcək. Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Bu gün Yer kürəsini daha bir maqnit qasırğası bürüyəcək. Xarici medianın xəbərinə görə, bu, kifayət qədər güclü olacaq və havadan asılı və xroniki xəstəlikləri olan insanlara təsir göstərə bilər. 

NATO-nun baş katibi Yens Stoltenberq bu günə NATO-Ukrayna Şurasının iclasını çağırıb. Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər.