Braziliyanın paytaxtında səfərdə olan Braziliya prezidenti Luiz İnasio Lula da Silva və ABŞ dövlət katibi Antoni Blinken Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı məsələləri müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin görüşün yekunlarına dair yazılı bəyanatında deyilir.

“Dövlət katibi ABŞ-nin Qəzzadakı münaqişə ilə bağlı səylərini, o cümlədən bütün girovların azad edilməsi, humanitar yardımın artırılması və fələstinli mülki şəxslərin müdafiəsi səviyyəsinin yüksəldilməsi üçün tərəfdaşlarla təcili işi müzakirə edib", - diplomat bildirib. 

"Reuters"in Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinə istinadən verdiyi məlumata görə, prezident və dövlət katibi İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının cinayətləri ilə müqayisə edən Braziliya prezidentinin son bəyanatları ilə bağlı açıq fikir mübadiləsi aparıblar. Agentlik əlavə edib ki, Blinken təçsil etdiyi dövlətin bu mövqe ilə razı olmadığını açıq şəkildə bildirib. Braziliya lideri və Amerika diplomatiyasının rəhbəri Fələstin anklavında humanitar fasilənin bərpasını da müzakirə ediblər.