Nümayəndə heyətlərinin başçıları və "Bir kəmər, bir yol" forumunun iştirakçıları proteksionist ticarət-iqtisadi siyasətə qarşı çıxış ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin forumun yekunları üzrə dərc etdiyi bəyanatda deyilir.

Sənəddə qeyd edilir: "Bütün iştirakçılar qaydalara əsaslanan, ayrı-seçkiliyə yol verməyən, açıq, ədalətli, inklüziv və şəffaf çoxtərəfli ticarət sistemini dəstəkləyir. Bütün tərəflər birtərəflilik siyasətinə və proteksionist tədbirlərə qarşıdır".

"Bir kəmər, bir yol" təşəbbüsünün tərəfdaşları ticarət və investisiyaların asanlaşdırılmasını daha da təşviq etmək barədə razılığa gəliblər. Forum iştirakçıları qanunvericiliyə uyğun olaraq investorların hüquq və mənafelərini qorumağa, ticarət-iqtisadi əməkdaşlığın çoxtərəfli və ikitərəfli mexanizmlərini təkmilləşdirməyə, sənaye və logistika zəncirlərinin sabitliyini birgə qorumağa hazırdırlar", - bəyanatda deyilir.

Qeyd edək ki, oktyabrın 17 və 18-də Pekində üçüncü "Bir kəmər, bir yol" forumu keçirilib.

"Bir kəmər, bir yol" təşəbbüsü 2013-cü ildə Si Tsinpin tərəfindən maraqlı ölkələrin iştirakı və Çin, eləcə də xarici kapitalın istifadəsi ilə çoxtərəfli ticarət və investisiya layihələrini artırmaq üçün təklif olunan konsepsiyadır. Artıq 150-dən çox dövlət və 30-dan çox beynəlxalq təşkilat layihəyə qoşulub.