Bərdə rayonunun Yeni Daşkənd kəndində yas mərasimi zamanı evin döşəməsinin çökməsi nəticəsində xəsarət alanlardan birinin müalicəsi hələ də davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 1961-ci il təvəllüdlü Aidə Abdullayeva Bərdə Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur.

TƏBİB-dən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qadının müalicəsi reanimasiya şöbəsində aparılır və vəziyyəti ağırdır.

Xatırladaq ki, noyabrın 23-də Yeni Daşkənd kəndində yas mərasimi zamanı döşəmənin çökməsi nəticəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib. Hadisə zamanı bir nəfər - 1958-ci il təvəllüdlü Məmmədova Saritel Abbasəli qızı isə ölüb. Elə həmin günü vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Daha sonra isə digər 5 nəfər xəstəxanadan evə yola salınıb. Amma A.Abdullayevanın vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib və bir aya yaxındır ki, koma vəziyyətindədir.

Sadiq Cavadov